“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo müasir futbolun fəsadları haqda söhbət açaraq, şərhləri ilə diqqət çəkib.
Arena.az portuqal mütəxəssislə dialoqdan müvafiq məqamları təqdim edir:
– VAR və xalis vaxt haqqında danışa biləcək sonuncu kəs mənəm. Müvafiq mövzuları futbol “müəmmalarına” buraxaq. Mən sadəcə məşqçiyəm və belə də qalmaq istəyirəm.
– Futbol “müəmmalarına”? Onlar kimlərdir?
– Qələbəni necə qazanmağı bilməyən yaxşı məşqçilər. Sosial şəbəkə mütəxəssisləri. Qərar vermək səlahiyyətinə malik olan insanlar futbolu, mənim nüvə fizikasını bildiyim qədər bilirlər. Futbol səthilik və ülgülər aləmidir. Heç kimə yarlıqlarda imtina etmirlər. Adətən insanlar mənim haqqımda danışanda 15, 12, 8 və ya 10 il əvvəl baş vermişləri düşünürlər.
Bu, adətən ən yaxşı komandaları çalışdıran və Avropa finallarına çıxmaq imkanına malik olan böyük məşqçilərin əksəriyyətində belədir. Son illərdə üç dəfə finala yüksəlmişəm: bir dəfə “Mançester Yunayted”lə, iki dəfə “Roma” ilə. Bütün bunlara kiçik təəccüblə və eyni zamanda qürurla baxıram. Axı Avropada heç bir qalibiyyət tarixi olmayan klubla belə nəticə əldə edəndə anlayırsan ki, xüsusi bir məqam əldə etmisən.
61 yaşlı Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 26 oyuna çıxarıb, 16 qələbə, 6 heç-heçə, 5 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 55:31 nisbətindədir.
Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 16 oyundan 36 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 44 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.
Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.