AZ

Joze Mourinyo öz çaxır brendini təqdim etdi

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “The Special One” adlı öz çaxır brendinin satışa çıxarıldığını açıqlayıb.

Arena.az bu barədə “Mour”un çaxır brendinin rəsmi saytına istinadən məlumat verir.

“Bütün səylərdə dəqiqliyi, keyfiyyəti və mükəmməlliyi qiymətləndirən biri kimi, mən öz “The Special One” çaxırımı təqdim etməkdən qürur duyuram. O Portuqaliyanın mənim sevimli bölgəsində hazırlanır və əl ilə emal edilir”, – “Mour” bildirib.

Vurğulayaq ki, qırmızı çaxır üçün qablaşdırma müstəsnadır. Üzərində Mourinyonun siluetini əks etdirən etiketli qutuda bir şüşə qırmızı çaxır yer alıb. Bir şüşənin qiyməti 120 avro məbləğindədir.

61 yaşlı Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 30 oyuna çıxarıb, 19 qələbə, 6 heç-heçə, 5 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 67:34 nisbətindədir.

Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 19 oyundan 45 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbaxça” 51 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.

Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.

Seçilən
15
19
arena.az

10Mənbələr