Səudiyyə Ərəbistanı Azərbaycanda COP29-un uğurla keçirilməsini yüksək qiymətləndirir, bu ölkə ilə "yaşıl enerji”nin müxtəlif istiqamətlərində əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Bu barədə “Report”a Krallığın Energetika Nazirliyindən bildirilib.
"İlk növbədə, Azərbaycanı COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdik. Tədbirdə iqlim maliyyələşdirilməsi üzrə tarixi saziş imzalanıb. Gələcəkdə iddialı maliyyə hədəflərinə nail olmaq üçün təməl qoyulub", - nazirlikdən qeyd edilib.
Bildirilib ki, hazırda Səudiyyə Ərəbistanı və Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə üzrə müxtəlif təşəbbüslər çərçivəsində əməkdaşlıq edir.
"Parlaq nümunələrdən biri odur ki, “ACWA Power” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 240 MVt gücündə və 345 milyon ABŞ dolları investisiya dəyəri olan "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi üzrə birgə işləyir. Bundan əlavə, şirkətlər karbonun tutulması və saxlanması texnologiyalarının inkişafı üzərində birgə fəaliyyət göstərirlər", - nazirlikdən vurğulayıblar.
Həmçinin, Energetika Nazirliyindən bildirilib ki, hər iki ölkə enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafına yönəlmiş layihələr, o cümlədən "Aşağı karbonlu/Yaşıl Gübrə" layihəsinin birgə qiymətləndirilməsi üzərində işləyir.
"Səudiyyə Ərəbistanının "Vision 2030" proqramı və Azərbaycanın davamlı inkişaf öhdəlikləri çərçivəsində ölkələrimiz istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə vermək kimi ümumi məqsədi bölüşür. Bütün həyata keçirilən layihələr bizim milli iqlim hədəflərimizə və hər iki ölkənin imzaladığı Paris Sazişinə uyğundur", - nazirlikdən vurğulanıb.
Xatirladaq ki, ötən ilin aprel ayında SOCAR ilə “ACWA Power” şirkəti arasında "yaşıl gübrə"lərlə bağlı əməkdaşlıq Sazişi imzalanıb. Saziş “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində "yaşıl gübrə"lərin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutur.