Avropa İttifaqının (Aİ) elektrik enerjisi istehsalında günəş enerjisinin payı ilk dəfə 2024-cü ildə kömürü keçib. Belə ki, ötən il Aİ-nin elektrik enerjisi istehsalında günəş enerjisinin payı 11 faizə çatdığı halda, kömürün payı ilk dəfə olaraq 10 faizdən aşağı düşüb. Həmçinin elektrik enerjisi istehsalında külək enerjisinin payı 17 faiz, təbii qazın payı isə 16 faiz təşkil edib.
Günəş enerjisində güclü artım və hidroenergetika istehsalının bərpası ilə Aİ keçən il elektrik enerjisinin 47 faizini bərpaolunan mənbələrdən əldə edib. Elektrik enerjisi istehsalında qalıq yanacaqların ümumi payı 29 faiz təşkil edib. İstehsalın qalan hissəsi digər mənbələrdən, o cümlədən nüvə enerjisindən əldə olunub. Hazırda Avropada bərpaolunan mənbələrdən daha çox enerji alınması xüsusi diqqət mərkəzindədir. Bunun üçün Azərbaycanla əməkdaşlıq Avropada əsas prioritetlərdən biridir. Azərbaycanın malik olduğu enerji potensialı, o cümlədən Mərkəzi Asiyanın “yaşıl enerji”sini Qərbə çatdırmaq üçün tranzit imkanları Avropada getdikcə daha çox diqqət cəlb edir. Bu arada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin son iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirə olunması da xüsusi diqqət cəlb edir. Xatırladaq ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "Yaşıl enerji”nin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş" üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır. Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Bu layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək.
Sazişin həyata keçirilməsi məqsədilə "AzərEnerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC arasında "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək. Saziş qeyri-müəyyən müddətə bağlanıb və bu, tərəflər arasında uzunmüddətli əməkdaşlığın və davamlı inkişaf məqsədlərinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaq. Saziş çərçivəsində bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanları araşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək. Bu məqsədlə sazişin icrasını təmin etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Bu qurumlar layihələrin koordinasiyasını həyata keçirəcək və tərəflər arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün strateji planlar hazırlayacaq. Azərbaycan üçün bu saziş enerji tranziti imkanlarını genişləndirmək və yaşıl texnologiyaların tətbiqində lider mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanın zəngin təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın geniş enerji infrastrukturu tərəflərə qarşılıqlı fayda təmin edən birgə əməkdaşlıq imkanları yaradır. Bu saziş yalnız enerji sektorundakı əməkdaşlığı deyil, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı tarixi dostluq münasibətlərini daha da möhkəmləndirərək onları beynəlxalq arenada birgə güc mərkəzinə çevirir. Xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi və karbon emissiyasının azaldılması istiqamətində birgə səylər üç ölkənin regionda davamlı inkişaf məqsədlərinə töhfə verməsinə şərait yaradır. Saziş çərçivəsində yaşıl enerjinin inkişaf etdirilməsi və enerji tranziti üzrə nəzərdə tutulan addımlar, həmçinin Avropa və Asiya enerji bazarlarında tərəflərin mövqeyini gücləndirəcək və regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verəcək. Bu sənəd yalnız enerji təhlükəsizliyini təmin etməklə kifayətlənməyib, həm də dostluq və strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq üçün geniş imkanlar açır. Ölkəmizə gəlincə, növbəti 5 il ərzində yaradılacaq azı 7 qiqavat “yaşıl enerj”i güclərinin 70 faizindən çoxunun ixraca yönəldiləcəyi, bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsinin tərtib edildiyi bəllidir. Avropaya ilkin mərhələdə 4 qiqavat “yaşıl enerj”i tədarük edəcək “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan 1 qiqavat bərpaolunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizlərinin icrası istiqamətdə də zəruri addımlar atılır. Bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpaolunan enerji sistemində regionları və qitələri əlaqələndirəcək. Avropaya “yaşıl enerji”ni müxtəlif marşrutlarla Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Ən önəmlisi Avropada bərpaolunan enerji Şimal dənizi və Xəzər dənizi ilə balanslaşdırıla bilər. Bütün bunlar ölkəmizin bərpaolunan enerji resurslarına transformasiya etmək və yaşıl enerjinin təchizatında regional lider olmaq əzmini nümayiş etdirir.
Ramil QULİYEV