Latviya və İsveç arasında Baltik dənizinin altında çəkilmiş sualtı fiber optik kabel, ehtimal ki, xarici təsirlər nəticəsində zədələnib.
SeherXeber.org xəbər verir ki, bu barədə Latviyanın LSM portalı kabelin sahibi - Latviya Dövlət Radio və Televiziya Mərkəzi şirkətinə istinadla məlumat yayıb.
Yanvarın 26-da səhər saatlarında şirkətin monitorinq sistemləri Ventspils (Latviya) və Gotland (İsveç) arasındakı ərazidə məlumatların ötürülməsində problemlər aşkarlayıb.
"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlərdən qaynaqlandığını düşünməyə əsas var", - şirkətin kommunikasiyalar şöbəsinin rəhbəri Vineta Spruhaine deyib.
Latviyanın baş naziri Evika Silina insidentlə bağlı məsul xidmət və nazirliklərin iştirakı ilə müşavirə çağırıldığını bildirib.