AZ

Rusiya-Ukrayna danışıqlarında söz sahibi onlar olacaq: Zelenski prosesdən kənarda qala bilər...

Rusiyanın Ukrayna ilə sülh danışıqları mövzusunda mövqeyi yenidən gündəmə gəlib. Prezident Vladimir Putin bildirib ki, Volodimir Zelenski artıq Ukraynanın legitim lideri deyil və bu səbəbdən Rusiya onu danışıqların tərəfi kimi görmür. Bundan əlavə, Ukraynanın Rusiya ilə danışıqları qadağan edən fərmanının ləğvi vacib şərtlərdən biri kimi göstərilir. Bu amillər sülh prosesinin perspektivlərini sual altına qoysa da, Putin yaxın zamanda müharibənin bitə biləcəyini istisna etməyib. Eyni zamanda, ABŞ-ın yeni prezidenti Donald Trampın müdaxiləsi də müharibənin gedişatına təsir edə bilər.

Mövzu ilə bağlı Sitat.info-ya danışan Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, müharibənin bitməsinə əsas tərəfdar olan Rusiyadır: "Rusiya demək olar ki, istədiyinə nail olub, istədiyi əraziləri işğal edib. İndiki halda istənilən atəşkəs Rusiyanın maraqlarını tam təmin edir".

T. Abbaslı vurğulayıb ki, Rusiya işğal etdiyi ərazilərdən çıxmamaq şərtilə atəşkəsə razıdır: “Bu gün müzakirə olunan istənilən atəşkəs müqaviləsində bu plan nəzərdə tutulur ki, Rusiya tutduğu yerlərdə qalır, müharibə də dayanır. Amma Putinin narahatlığı anlaşılandır. Çünki Putin qeyd edib ki, biz bu gün kimləsə atəşkəs imzalayacağıq və sabah bir başqası gələndə o imzanı yetkili hesab etməyəcək. Məsələn, Zelenski bunu imzalayanda onun səlahiyyətləri yox idi, səlahiyyətsiz imza sayıla bilər. Eyni zamanda da Ukrayna prezidenti belə bir fərman verib ki, Rusiya ilə hər hansı danışıqlar qadağan olunur. Bu fərman da ləğv olunmadan danışıqlar aparılması, imzaların atılması sabah ona əsas verir ki, danışıqların nəticəsi ləğv olunsun və legitim sayılmasın”. 

Partiya başqanı bildirib ki, Rusiya konkretlik istəyir: "Rusiya istəyir ki, atılan imzalar hansı prezidentə məxsus olmasından asılı olmayaraq, hüquqi qüvvəsi olsun. Bu baxımdan Putinin bu tələblərini kapriz, sülh müqaviləsi istəməmək kimi, atəşkəsdən qaçmaq kimi qiymətləndirmək olmaz. Əksinə gələcəkdə müharibənin yenidən alovlanmaması üçün narahatlıq kimi qiymətləndirmək olar. Çünki Putin bunu açıq tekstlə də deyib. Əgər Zelenski də həqiqətən bu atəşkəsi istəyirsə, bu tələbləri nəzərə almalıdır. Ən azı Rusiya ilə danışıqların qadağan olunmasıyla bağlı fərman ləğv olunmalıdır. Məsələn, Zelenskinin müddəti bitib, Radanın müddəti var. Radanın ali rəhbərliyi bu müqaviləni imzalaya bilər və Rusiya ilə razılıq əldə oluna bilər. Amma o müqavilə ləğv olunmalıdır”. 

Tramp müharibəni bitirə bilərmi sualını cavablandıran T.Abbaslı bildirib ki, məhz Tramp müharibəni bitirə bilər: "Çünki musiqinin pulunu ödəyən Amerikadır, Avropadır. Musiqinin pulu kəsilən kimi musiqi də dayanacaq. Məşhur deyimdə deyildiyi kimi “kim pulu ödəyirsə, sifarişi də o verir. Tramp Ukraynaya milyardlarla dollar verir. Ukraynaya bu yardımı kəssələr, Zelenski istər-istəməz müharibəni dayandırmağa məcbur olacaq. Yəni, burada Zelenskinin iradəsi ümumi götürəndə həm Trampın, həm Avropa Birliyinin, həm Putinin iradəsindən sonra gəlir. Ən axırıncı onun iradəsi rol oynayır. Çünki “pulu verən, sifarişi verir” prinsipi var”. 

Aytac Baxış,

Sitat.info

Seçilən
5
50
sitat.info

10Mənbələr