AZ

"Putini Ukrayna ilə bağlı güzəştə getməyə nə məcbur edə bilər?" - ISW

 
"Putin hər hansı sülh razılaşmasını kağız parçasından başqa bir şey hesab etməyəcək..."
 
Qərbin Ukraynaya davamlı hərbi yardımı Rusiya adlı təcavüzkar ölkənin qeyri-legitim prezidenti Vladimir Putini güzəştə getməyə vadar edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında qeyd olunur.
 
Hesabatda vurğulanır ki, əsas məsələ məhz müntəzəm və ardıcıl dəstəkdir. "Yalnız Qərbin dəyişməz dəstəyi və Kiyevə mütəmadi olaraq göndərilən hərbi yardım Putini işğal olunmuş ərazilərdən imtina etməyə və ABŞ, Avropa və Ukrayna üçün məqbul olan hər hansı münaqişə həlli üçün vacib güzəştləri qəbul etməyə məcbur edə bilər", - hesabatda deyilir.
 
Analitiklərin fikrincə, yalnız ABŞ Ukraynaya bəzi kritik silah və hərbi texnikanı elə miqyasda, elə sürətlə və elə davamlı şəkildə təmin edə bilər ki, bu, ölkənin Rusiya təcavüzündən müdafiəsi üçün kifayət etsin.
 
Qeyd edilir ki, Putin Ukrayna ilə hər hansı sülh razılaşmasını kağız parçasından başqa bir şey hesab etməyəcək. Onun Ukrayna hakimiyyətini qeyri-legitim elan etməsi və mümkün sülh sazişi barədə bəyanatları gələcəkdə hər hansı razılaşmanı pozmaq üçün bəhanəyə çevrilə bilər.
 
"Putinin danışıqlar üçün bilərəkdən şərtlər yaradır..."
 
"Putin açıq şəkildə anladıb ki, o, sülh sazişlərini yerinə yetirilməli olan sənədlər kimi qəbul etməyəcək. O, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin 2022-ci ildə onunla danışıqlara qadağa qoyan fərmanı ilə əsaslandıracaq. Lakin bu fərman ləğv edilsə belə, Putin yeni bəhanələr tapacaq", - analitiklər qeyd edib.
 
ISW-nin fikrincə, Kreml Ukrayna qanunlarını saxta şəkildə şərh edərək gələcək razılaşmalara əməl etməmək üçün hüquqi zəmin hazırlayır.
 
İnstitut analitikləri izah edib ki, Putin artıq Zelenskini qeyri-legitim hesab etdiyini və onunla danışıqlar aparmayacağını bildirib. O, yalnız Ali Radanın Ukraynadakı yeganə qanuni hakimiyyət olduğunu iddia edir.
 
Lakin eyni zamanda, o, parlamenti konstitusiyaya zidd addımlara çağırır ki, sonradan bunu bəhanə gətirərək onun da "qeyri-legitim" olduğunu elan etsin və bununla da Ukraynada hakimiyyətin tamamilə dəyişdirilməsi tələbini əsaslandırsın, həmçinin danışıqlardan imtina etsin.
 
Analitiklər vurğulayır ki, məhz bu cür bəyanatlar Putinə manipulyasiya üçün imkan yaradır. ISW qeyd edir ki, belə şərtlər altında hətta razılaşmalar əldə olunsa belə, Kreml onları tez bir zamanda poza bilər.
 
Bunun üçün isə saxta ittihamlara- sazişin "qeyri-qanuni" olması və ya Ukrayna hökumətinin "legitim olmaması" kimi iddialara əsaslana bilər. İnstitut diqqətə çatdırır ki, Kreml eyni hiylədən 2014 və 2015-ci illərdə Minsk razılaşmaları ilə bağlı da istifadə edib.
 
"Zelenski və ya Ukrayna hakimiyyətinin digər nümayəndələri Putinin danışıqlar qadağası ilə bağlı fərmanını ləğv etməyə razılaşsalar belə, Putin yenə də Ukrayna ilə bağladığı istənilən sülh razılaşmasını pozacaq", - analitiklər qeyd edib.
 
"O, bu sazişləri "qeyri-qanuni" elan edərək bəhanə gətirəcək ki, hərbi əməliyyatlar vasitəsilə maksimalist hərbi hədəflərinə nail ola biləcəyi müddətcə razılaşmalara əməl etməyə ehtiyac yoxdur," - ISW-nin hesabatında vurğulanıb.
Seçilən
5
26
moderator.az

10Mənbələr