Tramp Meksika sərhədində fövqəladə vəziyyət elan edəcək, hərbçilərə ölkənin cənubunda qayda-qanunu təmin etmək üçün Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etməyi tapşıracaq və qeyri-qanuni miqrantlar üçün sərhədi bağlayacaq. O, həmçinin ABŞ-nin milli təhlükəsizliyini qorumaq üçün FTB, İmmiqrasiya və Gömrük Polisi (ICE) və digər qurumların iştirakı ilə xüsusi qruplar yaradacaq. Tramp narkokartelləri xarici terror təşkilatları elan etməyi planlaşdırır.
Bundan əlavə, Tramp enerji siyasəti ilə bağlı bir sıra fərmanlar imzalayacaq və əvvəlki prezident Co Baydenin enerji məhdudiyyətlərini ləğv edəcək. O, həmçinin yüksək vəzifəli hökumət rəsmilərinə nəzarəti gücləndirmək üçün yeni sərəncamlar verəcək.
Vaşinqtonda tərəfdarları qarşısında çıxışı zamanı Tramp Bayden administrasiyasının "hər bir radikal və ağılsız" qərarının andiçmədən bir neçə saat sonra ləğv ediləcəyini bəyan edib.