Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman ABŞ-dakı investisiyalarını 600 milyard dollara çatdırmaq istəyir.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampla telefon danışığında ölkəsinin yaxın 4 ildə ABŞ-dakı investisiyalarını 600 milyard dollara çatdırmaq istədiyini bildirib.
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı keçirib. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, vəliəhd şahzadə bin Salman Trampı ikinci müddətə başlaması münasibətilə təbrik edib.
Salman Trampa bildirib ki, Səudiyyə Ərəbistanı yaxın 4 ildə ABŞ-dakı investisiyalarını 600 milyard dollar artırmaq istəyir.
Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı ilə hər iki ölkənin maraqlarına uyğun istənilən məsələdə işləməyə hazır olduğunu bildirib. İki lider terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını, həmçinin Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyi təşviq etmək üçün Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əməkdaşlığı müzakirə ediblər.
Ağ Evdən görüşlə bağlı açıqlama verilməyib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman yanvarın 20-də vəzifəsinin icrasına başlayan Trampla telefon danışığı aparan ilk xarici lider olub.