Bazar ertəsi neft qiymətləri sabitdir, çünki ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiyanın Ukrayna müharibəsinə son qoyması müqabilində enerji sektoruna qoyulan məhdudiyyətləri yumşaldacağına dair gözləntilər narahatlıqları kompensasiya edib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30-da Brent markalı neftin qiyməti 0,34% ucuzlaşma ilə 80,50 dollara ticarət olunub.
Bayden administrasiyasının 100-dən çox tanker və iki Rusiya neft istehsalçısına qarşı sanksiyalar tətbiq etməsindən sonra neft qiymətləri artıb.
ANZ analitikləri bildiriblər ki, yeni sanksiyalar Rusiyadan gündəlik təqribən 1 milyon barel neft ixracına təsir göstərə bilər, lakin son qiymət artımları Trampın hərəkətləri səbəbindən qısamüddətli ola bilər.
Analitiklərə görə; Tramp Rusiya-Ukrayna müharibəsini tez bir zamanda sona çatdırmağa kömək edəcəyinə söz verib və bu, razılaşmanın baş tutması üçün bəzi məhdudiyyətlərin yumşaldılmasını da əhatə edə bilər.
Trampın açıqlamaları gözlənilir
Bazar ertəsi and içərək vəzifəsinin icrasına başlayacaq yeni prezidentin bir sıra mühüm siyasi açıqlamalar verəcəyi gözlənilir.
Yaxın Şərqdə gərginliyin azalması da neftin bahalaşmasını məhdudlaşdırıb.
HƏMAS və İsrail 15 aylıq müharibədən sonra atəşkəsin ilk günü girov və əsirləri dəyişdirib.