AZ

“Qarabağ” “Styaua”ya Bakıda məğlub oldu

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025-cü illər mövsümünün Liqa mərhələsində 7-ci oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ağdam klubu doğma meydanda “Styaua” ilə üz-üzə gəlib.

Rumıniya təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edib.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinə uğursuz start vermişdi. Səfərdə “Tottenhem”ə (İngiltərə) 0:3, “Elfsborq”a (İsveç) 0:1 hesabıyla uduzmuş komandamız evdə də “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3, Lion “Olimpik”inə (Fransa) 1:4 hesablarıyla məğlub olmuşdu. Qurban Qurbanovun kollektivi yalnız səfərdə “Bodo Qlimt”ə (Norveç) 2:1 hesabıyla qalib gəlmişdi. Bu nəticələrdən sonra təmsilçimiz 3 xalla 33-cü pillədə qərarlaşmışdı.

“Styaua” isə Liqa mərhələsində keçirdiyi ilk 6 oyunda 3 qələbə qazanmış, 2 heç-heçə etmiş və cəmi 1 məğlubiyyət görmüşdü. Rəqib komanda Bakıdakı oyundan öncə 11 xalla 10-cu pillədəydi.

Azərbaycan və Rumıniya təmsilçiləri arasındakı qarşılaşma məhsuldar alınıb. Ağdam klubu iki qol vurduğu bu matçın yekununda xal qazana bilməyib. Qonaqlar künc zərbəsindən vurduqları üç qol sayəsində Bakıdan qələbə ilə qayıdıblar.

Bu məğlubiyyətdən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda üçün növbəti mərhələyə yüksəlmək şansı qazanmayıb. Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinin sonuncu turunda Yunanıstan “Olimpiakos”unun qonağı olacaq.

Avropa Liqası
Liqa mərhələsi, 7-ci tur
23 yanvar

“Qarabağ” – “Styaua” 2:3
Qollar: Leandro Andrade, 1. Coyskim Dava, 41-öz qapısına – Adrian Şut, 7; 73. David Mikolesku, 45+4.
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Hamısı Slovakiya).
VAR: Mixal Oçenaş (Slovakiya).
AVAR: Martin Dohal (Slovakiya).
Hakim-inspektor: Martin Hansson (İsveç).
UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21:45.

Seçilən
23
50
arena.az

10Mənbələr