EN

Lamin Yamal futbolçu karyerasında ilkə imza atdı

İspaniya Kral Kubokunun “Betis”lə 1/8 final oyunu (5:1) “Barselona”nın ispaniyalı cinah hücumçusu Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 17 yaşlı yeniyetmə ulduz bu oyunda özünün peşəkar futbolçu karyerasında bir ilkə imza atıb.

Belə ki, bu oyunda həm qol vurmuş, həm də məhsuldar ötürmə vermiş Yamal ilk dəfə olaraq bir oyunda müvafiq surətdə – qol və məhsuldar ötürmə ilə fərqlənə bilib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 9 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 75 oyun, 16 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Chosen
2
8
arena.az

10Sources