EN

Florin Tanase: "Qarabağ"ın oyuna sürətli başladığını bilirdik"

“Çox yaxşı komandaya qarşı çətin oyun oldu".

Teleqraf.com xəbər verir ki, bunu Rumıniyanın FCSB klubunun futbolçusu Florin Tanase UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" üzərində 3:2 hesablı qələbəni şərh edərkən deyib.

30 yaşlı yarımmüdafiəçi yekun nəticədən razı qaldığını bildirib: “Təəssüf ki, bəzi səhvlərə yol verdik və matçı çətinləşdirdik, amma hesabı xeyrimizə dəyişməyə gücümüz çatdı. Bu, bizim böyük komanda olduğumuzu və istənilən rəqibi məğlub edə biləcəyimizi sübut edir".

Tanase "Qarabağ"ın oyuna sürətli başladığı haqda əvvəlcədən məlumatlı olduqlarını deyib: "Oyuna belə başlamamalı idik. "Qarabağ"ın oyuna sürətli başladığını bilirdik. Daha diqqətli olmalı idik, amma yaxşı ki, hesabı bərabərləşdirmək üçün çox gözləmədik. Künc zərbəsindən üç qol vurmağımız müsbət haldır. Qazandığımız üç xal üçün xoşbəxtik".

Florin komandasının artıq Avropa Liqasında son turun İngiltərə "Mançester Yunayted"i ilə oyunu düşündüklərini vurğulayıb: "Qarşıda 1/8 final mərhələsinə vəsiqə üçün evdə “Mançester Yunayted”lə oyunumuz var. Komanda olaraq bütün diqqətimizi bu matça yönəltmişik. Düşünürəm ki, onları da məğlub edə bilərik. Öz oyunumuzu yaxşılaşdırmalı və səhv etməməliyik".

Qeyd edək ki, FCSB "Qarabağ" üzərində qazandığı qələbədən sonra xallarınının sayını 14-ə çatdıraraq 8-ci pillədə qərarlaşıb.


Müəllif: Royal Həsənov
Chosen
6
50
teleqraf.com

10Sources