EN

"Rusiyanın kosmik sənayesi 1960-cı illərin səviyyəsinə çöküb" - Ukrayna mətbuatı

Kreml nəyi gizlədir?
 
Rusiyanın kosmik sənayesi rəsmi olaraq çöküş yaşayır: ölkənin mövqeləri kosmonavtikanın hələ yenicə formalaşmağa başladığı 1960-cı illərin əvvəlinə qədər geriləyib.
 
 Moderator.az xəbər verir ki, bu barədə "dialog.ua" nəşri yazıb.
 
Nəşr yazır ki, Rusiya öz kosmik irsini sürətlə itirməkdə davam edir: 2024-cü ildə "Roskosmos" cəmi 17 buraxılış həyata keçirib ki, bu da son onilliklərin ən pis göstəricisidir.
 
Kosmik startların sayına görə Rusiya ABŞ-dan 8, Çindən isə 4 dəfə geri qalır, bu faktı  "Payloadspace" portalının məlumatları təsdiqləyir. Halbuki 1970-ci illərdə SSRİ hər il 100-dən çox buraxılış həyata keçirib. Ancaq indi Rusiya kosmonavtikanın yeni yarandığı 1960-cı illərin səviyyəsinə düşüb.
 
Hələ 2000-ci ildə Rusiya ABŞ-dan daha çox buraxılış edib, lakin sonradan Vaşinqton bu göstəricini 5 dəfə, Çin isə 14 dəfə artıraraq Moskvanı kosmik liderlər arasında üçüncü yerə sıxışdırıb.
 
"Roskosmos" böhran içində
 
Planlaşdırılan 40 buraxılış kağız üzərində qalıb, planın yarıdan da azı yerinə yetirilib, bu da dövlət korporasiyası üçün növbəti zərbə olub. Əsas səbəb sanksiyalar səbəbindən xarici sifarişçilərin imtinasıdır, bu da "Roskosmos"u 180 milyard rubl dəyərində müqavilələrdən məhrum edib.
 
İtkiləri qarşılamaq üçün qurum aktivlərini satışa çıxarmağa başlayıb. 2020-2023-cü illər ərzində xalis itkilər 100 milyard rubldan çox olub.
 
2025-ci ildə kosmik proqramların maliyyələşdirilməsi 317 milyard rubla qədər artırılacaq, lakin bu xərclərin bütövlükdə dövlət büdcəsindəki payı sürətlə azalır: 2021-ci ildə 0,95 faiz təşkil edirdisə, 2027-ci ilə qədər 0,63 faizə düşəcək.
 
Ən iddialı layihələr olan uzaq uçuşlar üçün superağır raketin hazırlanması və Ay bazasının tikintisi faktiki olaraq dayandırılıb. Yeganə "böyük uğur" "Luna-25" missiyası rüsvayçılıqla bitib, aparat Ay səthinə nəzarətsiz düşərək məhv olub.
 
Rusiya kosmosda tək qalır
 
Sərt sanksiyalar və Qərb texnologiyalarına çıxışın olmaması şəraitində Rusiya kosmik yarışda daha da geridə qalmağa məhkumdur. Kremlin "strateji tərəfdaş" adlandırdığı Çin isə Moskva ilə əməkdaşlığa tələsmir, öz proqramını müstəqil inkişaf etdirməyə üstünlük verir.
 
Kosmonavtika üzrə ekspert İvan Timofeyevin sözlərinə görə, "Çin əməkdaşlıq etmək istəmir, hər şeyi özü edəcək. Üstəlik, Rusiyanın ona təklif edəcək heç nəyi yoxdur." Beləliklə, dünyanın kosmik gücləri yeni üfüqləri fəth edərkən, Rusiya texnoloji keçmişə sürüklənməkdə davam edir.
Chosen
11
9
moderator.az

10Sources