EN

Aİ narahatdır

Brüssel cavab tədbirləri görməyə hazırlaşır

ABŞ-ın yeni Prezidenti Donald Tramp Avropa İttifaqından idxal olunan mallara gömrük rüsumu tətbiq edib. Aİ buna qarşılıq olaraq, adevkat tədbirlər görməyə hazırlaşır. “Politico” nəşrinin məlumatına görə, Brüssel Donald Trampın proteksionist siyasətə qayıdacağından və Avropa İttifaqı məhsullarına rüsumları yenidən artıracağından narahatlıq  keçirir. Nəşrin məlumatında qeyd olunur ki, Brüssel ticarət müharibəsi ssenariləri üzərində çalışır və zərurət yaranacağı təqdirdə cavab tədbirləri hazırlayır. Avropa rəsmiləri ümid edirlər ki, Vaşinqtonla razılıq əldə olunacaq, lakin rüsumların tətbiq olunacağı təqdirdə Aİ cavab olaraq, ABŞ məhsullarına rüsumlar tətbiq edəcək.

Məsələ ilə bağlı politoloq  Züriyə Qarayeva “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Donald Tramp “öncə Amerika” yanaşması ilə proteksionist iqtisadi siyasət həyata keçirməyi planlaşdırır.

ABŞ - Aİ münasibətlərində yenilik...

“ABŞ-ın iqtisadi siyasətlərindəki dəyişikliklərin transatlantik münasibətlərdə də problemlər yarada biləcəyi düşünülür. Trampın ABŞ prezidenti kimi hakimiyyətə gəlməsi ilə son illərdə çox yaxın müttəfiq olan Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlərdə ciddi dəyişikliklər gözlənilir. Bu kontekstdə Aİ Trampın birinci hakimiyyəti dövründə olduğu kimi, ikinci dövründə də ciddi iqtisadi çətinliklərlə üzləşməyə hazırlaşır” - deyə Z.Qarayeva vurğulayıb ki, Trampın 2017-2021-ci illər arasında prezidentliyi dövründə həyata keçirdiyi ticarət siyasəti, Avropa ölkələrinə əlavə polad və alüminium rüsumları tətbiq etməsi, Paris İqlim Sazişindən çıxması və sərt tonu Aİ üçün gözlənilməz oldu: “Nəticə etibarı ilə ikitərəfli münasibətlər korlandı”.

Ticarət kəsiri 208,7 milyard dollara çatıb

“Tərəflər arasında əmtəə və xidmətlərin ümumi ticarəti hər il 1,3 trilyon dollar təşkil edir və ABŞ bu günə qədər Aİ-nin ən böyük ticari tərəfdaşı olaraq qalır. Aİ ölkələri uzun illərdir ki, ABŞ-la ticarətdə əhəmiyyətli profisit əldə edirlər. Avropa ölkələrinin ABŞ-a mal və məhsul ixracı sözügedən idxaldan xeyli yüksəkdir. Aİ 2023-cü ildə ABŞ-a 576,3 milyard dollar ixrac, ABŞ-dan isə 367,6 milyard dollar idxal edəcək. ABŞ-ın Aİ ilə ticarət kəsiri 208,7 milyard dollara çatıb,” - deyə Z.Qarayeva bildirib.

Təxminən 100 milyard dollar...

O qeyd edib ki, son məlumatlara görə, 2024-cü ilin yanvar-noyabr dövründə ABŞ Aİ-dən 555,6 milyard dollar idxal edib, Aİ-yə isə 342 milyard dollar ixrac edib. Belə ki, ötən ilin ilk 11 ayında ABŞ-ın Aİ ilə ticarət kəsiri bütün əvvəlki ili keçərək 213,7 milyard dollara çatıb: “Avropa ölkələrinin ABŞ-la ticarət profisiti var. Sözügedən ticarət kəsiri Trampın açıqlamalarında onu xüsusilə narahat edən bir vəziyyət olaraq önə çıxır. ABŞ-ın ticarət kəsiri olan ölkələrə tariflər qoyulacağını vəd edən Tramp, Avropa məhsullarına 10-20 faiz əlavə rüsumlar tətbiq etməyi planlaşdırır”.

Yunis Abdullayev

Chosen
19
50
yeniazerbaycan.com

10Sources