EN

Ağ Evin ucuz neft hədəfi - Azərbaycana necə təsir edəcək?

ABŞ-nin yeni prezidenti Donald Tramp dünyada neft qiymətlərinin aşağı salınması üçün ölkəsində “qara qızıl”ın hasilatını artırmaq niyyətindədir. Artıq bu istiqamətdə müəyyən qərarlar da qəbul edib. Neft bazarı Ağ Ev rəhbərinin məlum qərarına görə, qiymətlərin ucuzlaşması ilə reaksiya göstərib. Bəs orta və uzunmüddətli perspektivdə neft bazarını nə gözləyir, proqnozlar necədir?

“Hasilatçılar tələbdən artıq istehsalda maraqlı deyillər”

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin fikrincə, neft qiymətləri Donald Trampın vəzifəyə qayıtdığı ilk gün ərəfəsində ucuzlaşdı: “ABŞ prezidenti vəzifəsinin ilk günündə Paris İqlim Sazişindən çıxmaqla bağlı fərman imzalayıb. Energetika Nazirliyinə hökumətin yeni LNG (qaz) ixracına icazə ərizələri ilə bağlı qüvvədə olan məhdudiyyətləri aradan qaldırmağı tapşırıb. Tramp strateji neft ehtiyatları istisna olmaqla, ABŞ-nin kommersiya təyinatlı neft ehtiyatlarını maksimum səviyyədə artırmağa söz verib”.

Ekspert bildirir ki, yeni prezidentin hasilat məsələsində proqnozları özünü doğrultmaya bilər: “ABŞ-də neft hasilatını artırma cəhdləri bazar şərtlərinə ziddir, istehsalçı şirkətlərin siyasətinə uyğun deyil. Çünki ABŞ-də hasil edilən neftin 80 faizindən çoxu yüngül neftdir. Yüngül neftin beynəlxalq bazarlarda satış imkanları hazırda elə də yüksək deyil”.

Ekspertin sözlərinə görə, bu neftin oktan ədədi aşağıdır. Ondan yüksək keyfiyyətli təyyarə yanacağı, avtomobil benzininin istehsalı mümkün deyil: “Həmin neft mütləq ağır neftlə qarışdırılmalıdır, sonra emal edilməlidir. ABŞ-də neft hasilatının və ehtiyatların artımı bazarda yüngül-ağır neft balansına təsir edə bilər. Lakin neftin kəskin ucuzlaşmasına təsir edə bilməz. Çünki ABŞ-nin hasil etdiyi neftin beynəlxalq bazarda rəqabət qabiliyyəti zəifdir”.

Ekspertin fikrincə, ABŞ-də neft emal edən şirkətlər Prezident Administrasiyasının tələbi ilə neft hasilatını artırarsa, bu, qısa müddət üçün effekt verə bilər: “Amma uzunmüddətli perspektivdə neft satılmayacaqsa, emal edilməyəcəksə, hasilatçılar satılmayan neft həcmlərini nə edəcəklər? Bu baxımdan ABŞ-də hasilatçılar tələbatdan artıq neft hasilatında maraqlı deyillər”.

Qiymət 75-80 dollar səviyyəsində olacaq

Z.Vəliyevin sözlərinə görə, neft qiymətlərində kəskin eniş gözlənilmir: “Digər tərəfdən, qlobal bazarda neft qiymətlərini dəstəkləyən amillər də olduqca çoxdur. ABŞ-nin Rusiyanın neft ixracına və tanker zəncirinə tətbiq etdiyi sanksiyalardan sonra artan neft qiymətləri onu deməyə əsas verir ki, geosiyasi amillər bu il də neft qiymətlərinin müəyyənləşdirilməsində əsas rol oynamaqda davam edəcək. İran neftinin satış imkanlarının məhdudlaşdırılması da neftin yüksək qiymətlərini il boyu dəstəkləyəcək. Belə olan təqdirdə bazarda tələbdən artıq yüngül neft profisitinin aradan qalxma ehtimalı güclənəcək. Xüsusilə Asiya bazarlarında Rusiya, İran və Venesuela neftinə alternativ mənbələrin axtarış cəhdləri yüksək olacaq”.

Ekspert bildirir ki, əgər Rusiyaya, İrana tətbiq edilən sanksiyalar, Venesuelanın neft ixrac imkanlarının məhdudlaşdırılması daha da güclənərsə, o zaman bazarda kifayət qədər problemlər yaşanacaq. Yüngül və ağır neft arasında tarazlıq pozulacaq. Tarazlığın pozulması neft emalı zavodlarının fəaliyyətinə təsir göstərəcək: “Bütün bunlar qiymət artımına səbəb ola bilər. Fikrimcə, 2025-ci ildə neft qiymətləri 75-80 dollar arasında dəyişəcək”.

Chosen
8
32
publika.az

10Sources